Azərbaycanda ikinci "ağıllı bağ" salınır

İQTİSADİYYAT
20:56 / 30.06.2020
1456

Qusar rayonunda ölkə ərazisində ikinci olan "ağıllı bağ" salınır.

Bu barədə "Report"un Şimal bürosuna layihənin rəhbəri Abbas Niyazov məlumat verib.

Onun sözlərinə görə, artıq layihənin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb: "Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra intensiv bağların salınması işləri reallaşmağa başlayıb. Belə bağlardan biri də Qusar rayonunun Qalacıq kəndi ərazisində salınır. Meşə ətrafı kolluq ərazilər artıq təmizlənərək müasir tipli "ağıllı bağ"ın salınması üçün hazırlanır. Belə bağların salınması həm də iş yerlərinin artması deməkdir".

A.Niyazov qeyd edib ki, yYeni salınacaq "ağıllı bağda" qarışıq növ meyvələrin əkilməsi nəzərdə tutulub: "Burada alma, armud, fındıq, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ digər meyvə ağacları becəriləcək. Yeni əkiləcək bağda 150 nəfərə yaxıninsan işləyəcək. Bağın suvarılması üçün isə ərazidəki göl suyundan istifadə olunacaq. Yeni salınacaq bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılacaq. Su mənbəyi üçün ərazidəki çaylardan gələn su gölə axıdılacaq. Ehtiyat sudan istifadə olunacaq. Məhsuldarlığın 25 % artacağı gözlənilir. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq".

Qeyd edək ki, "ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması iki ilə başa çatdırılacaq.

xatırladaq ki, Azərbaycanda ilk dəfə "ağıllı bağ" Quba rayonunda 2020-ci ilin əvvəllərində salınıb.

0