Pandemiyanın yayılması ilə əlaqədar Azərbaycandan xarici ölkələrə uçuşlar təxirə salındı, alınmış biletlərin geri qaytarılmasına başlanıldı və yeni bilet satışı dayandırıldı. Nəticədə xarici ölkələrdə yaşayan və pandemiya dövründə ölkəmizə gələn azərbaycanlılar geri qayıda bilmədilər. Həmin şəxslərin geri qayıtmasını təmin etmək məqsədilə “Azərbaycan Hava Yolları” (AZAL) iyul ayından İstanbul şəhərinə çarter reyslər təşkil edib.
Belə ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün iyulun 1-dən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, avqust ayının 1-nə qədər xüsusi karantin rejimi müddətinin uzadılması qərarı sərhədlərin bağlı qalması deməkdir. Bu da o deməkdir ki, turizm məqsədi ilə ölkənin tərk edilməsi yolverilməzdir.
Beləliklə, Bakı-İstanbul-Bakı reysindən kimlər yararlana bilər:
- Türkiyədə olan Azərbaycan vətəndaşları ölkəyə qayıtmaq üçün
- Təhsil alan şəxslərin öz təhsilini davam etməsi üçün
- Təxirəsalınmaz şəxsi səbəblərə görə
Həmçinin qeyd edək ki, Bakı-İstanbul reysinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır.
İstanbul-Bakı istiqamətində uçan sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində Türkiyə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 testindən keçmək üçün tövsiyə olunmuş tibb müəssisələrində testdən keçməli və hava limanında qeydiyyatdan keçərkən mənfi nəticə barədə arayışı təqdim etməlidirlər.
Digər ölkələrdən gələn vətəndaşlar olduqları ölkənin Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumu tərəfindən şəhadət verilən laboratoriyalarda və ya Türkiyə ərazisində müəyyən olunmuş laboratoriyalarda COVID-19 müayinəsindən keçmələri barədə arayışı təqdim edə bilərlər.
Bakıya uçub gələn bütün sərnişinlər təyyarənin göyərtəsində onlara təqdim olunacaq iltizam sənədi vasitəsilə Azərbaycanda qaldıqları yerdə özlərini iki həftəlik müddət ərzində təcrid edəcəkləri barədə öhdəlik götürməlidirlər. Onlar özünütəcriddə qaldıqları müddətdə 8103 SMS İcazə Sistemi vasitəsilə olduqları yeri tərk edə bilməyəcəklər. Bu tələbə əməl etməyərək karantin qaydalarını pozan şəxslər Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
“Report” qeyd olunan məsələ ilə bağlı Bakıdakı turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarovdan açıqlama alıb. Onun sözlərinə görə, pandemiyadan öncə müxtəlif səbəblərdən Azərbaycana gələnlər xarici ölkəyə qayıtmaq üçün turizm şirkətlərinə müraciət edir:
“Bizə ən çox müraciət edənlər Türkiyə və Avropada oxuyan azərbaycanlı tələbələrdir. Onların da çoxu İstanbulda oxuyanlardır. Az hallarda müraciət edənlər arasında həmin yerlərdə işləyən və ya yaşayanlar da olur. İstanbula getmək üçün müraciət edənlərin də böyük əksəriyyəti tələbələrdir. Yəni çarter biletlərinin böyük əksəriyyəti tələbələrə satılıb. Lakin elə adamlar da var ki, İstanbulda işləyir, pandemiyadan öncə Azərbaycana gəlib və sonra geri qayıda bilməyib. Bəzi insanlar da var ki, bura toy və ya digər bir məclisdə iştirak etmək üçün gəliblər, sonra isə gedə bilməyiblər. İstirahətə getmək üçün isə müraciət edənlər yoxdur.
Müştəri bizə müraciət edəndə ona bildiririk ki, AZAL-a müraciət edib onlayn bilet alsın. Lakin çarter reyslər üzrə aviabiletlərin qiyməti əvvəlkindən çox fərqlidir. Əvvəl İstanbula tək gediş 180 manata da olurdusa, indi qiymətlər 380 manatdan başlayır. Biletlərin satışı AZAL tərəfindən onlayn edilir. AZAL turizm şirkətlərinə bilet satışı verməyib. Turizm şirkətlərinin fəaliyyəti dayanıb. Bilet satışı edən şirkətlər olsa da, sayları çox azdır. Məsələn, elə müştəri olur ki, özü onlayn bilet almır, turizm şirkətinə müraciət edir və onun vasitəsilə onlayn bilet almaq istəyir. Turizm şirkəti də müştəriyə onlayn bilet almaqda kömək edir və buna görə müəyyən qədər haqq alır. Lakin bununla turizm şirkətlərinin ayaqda qalması mümkün deyil. Bizim şirkət hazırkı vəziyyətə görə bilet satışını dayandırıb”.