Özəl klinikalarda koronavirus testinin qiyməti nəyə əsasən tənzimlənir?

İQTİSADİYYAT
20:39 / 06.07.2020
1741

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan COVID-19 üçün yoxlama aparacaq laboratoriyaların siyahısı genişlənib.

Bu barədə Qazet.az-a TƏBİB-dən məlumat verilib.

Həmin laboratoriyalar bunlardır:

– “Referans” Klinik Laboratoriya Mərkəzi;

– “LEYLA Medical Center”;

– “Memorial klinikası”

– “Bona Dea” Beynəlxalq Xəstəxanası;

– “İnci” laboratoriyası;

– Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

– “Kaspian Hospital”;

– Talassemiya mərkəzi;

– “UltraLab”

Sözügedən tibb müəssisələrində koronavirus testlərinin qiymətləri də müxtəlifdir.

Qazet.az-ın suallarını cavablandıran Referans Klinik Laboratoriya Mərkəzinin sözçüsü Rübabə Sahib hər klinikanın öz daxili qiymət siyasəti olduğunu və testlərin qiymətinin buna əsasən tərtib olunduğunu qeyd edir.

“Virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Hər klinikanın öz daxili qiymət siyasəti var. Özəl klinikalarda testlərin qiymətləri klinikanın daxili prosedur qaydalarına əsasən tənzimlənir. COVİD-19 testləri yaxma nümunəsi ilə fərdi qaydada 100 manat, qan analizi vasitəsilə isə 2 cür yoxlanılır və 50 manat təşkil edir. Cavablar 24-48 saat ərzində hazırlanır”, – deyə R. Sahib əlavə etdi.

Digər klinikalardan isə bildirilib ki, virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

0