Azexport.az portalı dünyanın 15-dək beynəlxalq elektron ticarət platformasına inteqrasiya olunub. İnteqrasiya olunan platformalarda yerləşdirilən Azərbaycan məhsulları hər gün dünyanın istənilən nöqtəsində nümayiş olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov bildirib ki, bu baxımdan portalın fəaliyyətə başladığı gündən etibarən ənənəvi olan ölkələrlə yanaşı yeni ölkələrdən də sifarişlər daxil olmağa başlayıb.
Onun sözlərinə görə, yeni ölkələr sırasına Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Flippin, Dominikan və digər Amerika qitəsi və bir sıra Avropa ölkələrini aid edə bilərik:
“Təbii ki, bu ölkələr hazırda Azərbaycan bazarını öyrənirlər və zaman keçdikcə ölkələrlə ticarət əlaqələri daha da genişlənir və artıq həmin ölkələrdən yeni idxalçılar da Azərbaycan mallarına maraq göstərməyə başlayır.
Hətta həmin ölkələrə qonşu olan ölkələrdən də sifarişlər daxil olmaqa başlayır. Məsələn, ötən illərdə İsrailin ən böyük biyan kökü idxalçısı olan “Licorice Group” şirkəti Azərbaycana dəvət olundu, Azərbaycanda biyan emalı ilə məşğul olan şirkət nümayəndələrinin görüşü təşkil olundu. Artıq Azərbaycandan biyan kökü məhsulu İsrailə uğurla ixrac olunur, həmçinin, İsrailin digər biyan kökü idxalçıları da Azərbaycan malı almaq üçün Azexporta müraciət edib”.