Karantin bölgələrində fermerlər evdən belə çıxa bilərlər

İQTİSADİYYAT
18:56 / 10.07.2020
1066

Bəlli olduğu kimi, iyul ayının 5-dən etibarən 16 bölgəmizdə sərt karantin rejimi tətbiq olunub. Bu bölgələrin sırasında Xaçmaz rayonu da yer alır. Rayon sakinləri tərəfindən verilən məlumata görə, mövcud vəziyyətlə əlaqədar onlar sahələrdən meyvə və tərəvəzləri yığa bilmir, nəticədə məhsulları xarab olur. Bu isə öz növbəsində vətəndaşlara maddi baxımdan böyük ziyan vurur.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Yenisabah.az-a açıqlamasında bildirib ki, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrdə fermerlərin hərəkətinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qaydaları və təlimatları var: “Bu təlimatlarla bağlı artıq 4-cü aydır ki, biz davamlı maarifləndirmə işləri aparırıq və fermerlərin hərəkətlərinin təşkilini Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə təmin edirik. Qaydalara əsasən, vətəndaşın, yəni fermerin elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatı varsa, o, kənd üzrə ərazi nümayəndəliklərinə, yerli icra hakimiyyəti orqanlarına müraciət edərək fermer olduğuna dair müraciətini təqdim etməlidir. Beləliklə, müraciət əsasında onların adı icazə portalı olan e-gov portalına daxil edilir, bundan sonra isə onlar rahatlıqla sahələrə çıxa bilirlər. Əslində bildirim ki, burada iki istiqamət var: Birinci rayondaxilini hərəkət üçün nəzərdə tutulub, bunun üçün yuxarıda qeyd etdiyim addımlar atılır. İkinci isə rayonlararası hərəkət üçündür. Məsələn, ola bilər ki, vətəndaş Xaçmaz rayonunda yaşayır, lakin bunun torpaq sahəsi Qusardadır. Bu vətəndaş bir rayondan digərinə getməlidir. Bunun üçün Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət edir. Bundan sonra adı icazə portalına daxil olunur. Yəni artıq yazılı arayışlar verilmir, yalnız icazə portalı vasitəsilə hərəkət edə bilir. Konkret Xaçmaz rayonuna gəldikdə isə o sərt karantin rejiminin tətbiq edildiyi 16 bölgədən biridir. Mən iyul ayının 3-ü, 4-ü, 5-i, 6-ı sırf karantin zonasında olmuşam. Orada taxıl biçinin, meyvə yığımının aktiv dövrüdür, apardığım müşahidələr göstərir ki, problem yoxdur. Burada söhbət təkcə biçin və yığımdan getmir, gübrə vermə, dərmanlama işləri də öz qaydasındadır. Proses karantin zonasına daxil edilən bütün ərazilərdə tam şəkildə tənzimlənir. Ola bilər ki, bəzi fermerlər məlumatsız olduqlarına görə narahatdırlar. Lakin biz hər gün KİV vasitəsilə marifləndirmə aparırıq”.

Vüqar Hüseynov qeyd edib ki, qaydalardan məlumatı olmayan şəxslər 1652 Çağrı Mərkəzimizə müraciət edə bilərlər: “ Onlara tam məlumat verilir, həmçinin müraciətləri qeydə alınaraq aidiyyəti quruma yönləndirilir. Qiymət məsələsinin isə KTN-ə aidiyyəti yoxdur, çünki onu bazar tənzimləyir. Martın 18-dən bəri çıxarılan bütün qərarlarda birmənalı şəkildə qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının bölgələrdən böyük şəhərlərə, o cümlədən paytaxta gətirilməsində heç bir məhdudiyə yoxdur. Vətəndaşlar öz məhsullarını orta və iri tonajlı maşınlarla sərbəst şəkildə bazara çıxara bilir. 4 ay ərzində məhsulların nə qiymətində, nə keyfiyyətində demək olar ki, heç bir fərq qeydə alınmayıb. Ucuzlaşma var ki, bahalaşma yoxdur”.

Sayad HƏSƏNLİ

0