Koronavirus səbəbindən Bakı sakinlərinin 3-də 2-si banklara olan kredit borclarının ödənilməsi ilə bağlı çətinliklərlə üzləşiblər.
Bu barədə “ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək üçün 30 aprel – 3 may tarixlərində paytaxt sakinləri arasında keçirdiyi araşdırmada məlum olub.
Rəyi öyrənilənlərin 40%-i hazırda adına kredit borcu olduğunu qeyd edib. Karantin rejiminin tətbiq olunması nəticəsində həmin respondentlərin 32%-i kreditini tam ödəyə bildiyini açıqlasa da, digər 32% kəsimi kredit borclarını ödəyə bilmədiyini, 36% isə yalnız bir hissəsini ödəyə bildiyini açıqlayıb.
Araşdırma nəticələrinə görə, respondentlərin dərman preparatları, uşaq qidası və körpələr üçün qulluq vasitələri üzrə xərclərinə pandemiya heç bir ciddi təsir göstərməyib.
Sorğu iştirakçılarının fikrincə, parfumeriya və qulluq məhsulları, geyim və məişət avadanlıqları üzrə xərclər karantindən öncəki dövrə nisbətən azalsa da, gigiyenik vasitələrə, qida məhsullarına, məişət mallarına və tibbi ləvazimatlara sərf olunan vəsait nisbətən daha çox olub.
Sorğu 30 aprel - 3 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.