Bu ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb. Bu barədə Türkiyənin Statistika İdarəsinin məlumatında qeyd olunub. Daha öncəki ayla müqayisədə rəqəmlərdə müəyyən qədər də olsa artım nəzərə çarpıb. Ümumilikdə isə cari ilin 6 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 431 mənzil alıb.
Pandemiya dövründə yerli bazara deyil, Türkiyənin mənzil bazarına etibar etməyin səbəbi nədir?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Türkiyədə Azərbaycanla müqayisədə azad iqtisadi zona var. Bu gün bəzi imkanlı şəxslərimiz Türkiyədə bağ evləri, mənzil, villa alır, ya yaşayır, ya da həmin evi kirayə verir. Orada mənzil bazarında qiymətlər bizimki ilə müqayisədə çox aşağıdır. Orada sənədləşmə işi də qaydasındadır. Hətta tikilməkdə olan binalar üçün də kupçalar verilir", - deyə ekspert əlavə edib.
O bildirib ki, yerli vətəndaşlarımız daha çox Türkiyənin turistik ərazilərində mənzil almağa üstünlük verir: "Türkiyə xarici vətəndaşları investor kimi ölkəsinə cəlb edib. Dövlət binanın tikilib başa çatacağına zəmanət verir".
"Azərbaycana gəlincə isə, pandemiya şəraiti olsa da, tikinti bazarı işləyir. Daha çox ipoteka ilə mənzilər alınır. Lakin bu sahədə müəyyən problemlər var ki, bunlardan da ən birincisi sənədləşmə ilə bağlıdır", - Fərzəliyev əlavə edib.
Türkiyədə mənzillərin kvadrat qiyməti yerindən asılı olaraq dəyişilir. Ümumilikdə isə qiymətlər kvadrata görə, 601 manatla 2 min 918 manat arasında ( 2 430 TL - 11 988 TL) dəyişilir. Ötən ilin cari dövrü ilə müqayisədə isə kvadrata görə qiymətlərdə kifayət qədər artım nəzərə çarpır. Belə ki, 2019-cu ilin ilk 6 ayında daha öncəki dövrlə müqayisədə qiymətlərdə enmə müşahidə olunmuşdu. Cari ildə isə qiymətlərdə 8-11 faizədək artım olub. İstanbulda kvadrata görə qiymətlər 950 manat civarındadır, Ankarada isə bu qiymət 493 manat civarındadır. İzmirdə bu qiymət 771, Antalyada 656-dır.