“Bir neçə bank bağlana bilər” - EKSPERT

İQTİSADİYYAT
20:10 / 16.07.2020
1303

Mərkəzi Bankın sədri Elman Rüstəmov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirib ki, bu ilin ilk yarısında bank sektorunda vəziyyət bir qədər pisləşib.

Onun sözlərinə görə, hazırda iqtisadiyyat və bank sistemində böyük həcmdə-təxminən 8 milyard manata qədər likvidlik var. AMB rəhbəri deyib ki, banklarda biznes kreditləri artıb:

“Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır”.

Buna münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, bank sektorunda vəziyyət belə davam edərsə, daha bir neçə bank da bağlana bilər:

“Bundan sonra da bir neçə bankın bağlanması prinsipcə mümkündür. Elman Rüstəmov may ayında məlum 4 bankın bağlanması ilə əlaqədar keçirdiyi mətbuat konfranslarının birində prinsipcə başqa bankların da bağlana biləcəyini istisna etmədi. Dedi ki, yoxlamalar gedir və digər bankları da eyni aqibət gözləyə bilər. Bir də real vəziyyət gedişata təsir göstərəcək. Yəni may ayınadək olan vəziyyət demək olar ki, pandemiya təsirlərindən asılı deyildi. Lakin ondan sonrakı vəziyyətə isə pandemiyanın təsirləri güclüdür. İnsanlar baklardakı əmanətlərini çıxarmağa başlayıblar. Digər tərəfdən də sahibkarlar banklara borclarını ödəməkdə çətinlik çəkirlər. Yəni banklar hər iki tərəfdən zərbə altında qalır. Bankların vəziyyəti payızda məlum olacaq.

Bütün bunları nəzərə alaraq başqa bankların da bağlanma ehtimalı güclüdür. Mərkəzi Bank özü də həmin banklara qarşı sərt mövqe nümayiş etdirir. Bağlanan dörd bankın da bağlanma səbəbləri problemli kreditlərin çoxluğu idi. Amma mütləq deyil ki, digər banklar da bağlanmalı olsun. Ola bilər ki, bankın səhmdarları həmin banklara əlavə pul qoya bilərlər. Yaxud əlavə səhmdarlar gəlib pul qoya bilərlər. Son illərdə bir neçə bank bu addımı atıb. Beynəlxalq Bankın özünün də ziyanları olub. Yəni Beynəlxalq Bank 2016-cı ili 1 milyard manatdan çox ziyanla başa vurmuşdu. Dövlət 2017-ci ildə Beynəlxalq Banka 5 milyard dollardan çox pul qoyub onu qurtardı. Bu variantlar olsa həmin banklar ayaqda qala bilərlər. Əks təqdirdə bank sistemini ciddi problemlər gözləyir”.

Əkrəm Həsənov Elmar Rüstəmovun biznes kreditləri ilə bağlı artım fikrinə də münasibət bildirib:

“Məlumdur ki, cənab Prezident ötən ilin sonunda və bu ilin əvvəlində bir neçə dəfə bank sistemini biznes kreditlərini daha çox verməyə çağırıb. Buna görə də Mərkəzi Bankın sədri bu göstəriciləri sadalamaqla cənab Prezidentin göstərişlərinə əməl edildiyini nümayiş etdirməyə çalışıb. Birincisi, onlar niyə ipoteka kreditlərini ayrı şəkildə göstərirlər? Axı ipoteka kreditləri elə istehlak krediti deməkdir. O kredit insanların şəxsi tələbatlarını ödəmək üçün verilir. İpoteka kreditrləri də ona görə artıb ki, aprel ayında Nazirlər Kabinetinin pandemiya ilə bağlı təstiq etdiyi tədbirlər planında qeyd olunub ki, dövlət tərəfindən ipoteka fonduna əlavə 90 milyon veriləcək. Yəni ipoteka kreditləri bankların öz hesabına artmayıb, dövlətin qoyduğu puldur. Bəziləri sual edir ki, ipoteka kreditlərinin pandemiyaya nə dəxli var? Məsələ budur ki, orada dəstək tikinti biznesinədir. Çünki pandemiya dövründə ev alan yoxdur. Lakin ipoteka hesabına almaq istəyənlər var. Hazırkı vəziyyətdə də almaq asandır. O ki qaldı biznes kreditlərinin 1.8 faiz artması və istehlak kreditlərinin 4.8 faiz azalmasına, buna heç etibar etmirəm. Bu formal cəhətdən doğru ola bilər. Lakin faktiki doğru deyil. Çünki Mərkəzi Bank biznes kreditlərinin hara verildiyi barədə açıqlama vermir. Mən bu kreditlərin bir qayda olaraq iri ticarət şəbəkələrinə verildiyini düşünürəm. Yəni hansı ki, həmin şirkətlər ən çox məişət avadanlıqları satırlar. O ticarət mərkəzləri də həmin malları vətəndaşlara kreditlə verirlər. Son nəticədə bu yenə də istehlak krediti hesab olunur. Sadəcə, vətəndaşlara bu kreditləri bankdan deyil, ikinci əldən almış olur. Bunun isə fəsadları çoxdur. Çünki vətəndaş ticarət mərkəzinə borcunu ödəyə bilmədiyi təqdirdə, ticarət mərkəzinin rəhbəri də banka borclu qalır. Nəticədə isə problemli kreditlər formalaşır. Bütün ticarət şəbəkəli bir qayda olaraq malları nisyə satır. Bu da bankdan götürdüyü kredit hesabına mümkün olur. Həm də istehlak kreditləri nəticəsində vətəndaşlar borclanır”.

0