"Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsü həyata keçirilməkdədir.
Təşəbbüs çərçivəsində Lerik, Qusar və Beyləqan rayonunda yaşayan abituriyentlər ali məktəbə qəbul imtahanlarına hazırlaşdırılır. Eyni zamanda, onların psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin artırılması məqsədilə psixoloji təlimlər və müxtəlif ictimai mövzularda maarifləndirici seminarlar keçirilir.
Təşəbbüs komandası aparılan işlərin mahiyyətini və əhəmiyyətini əks etdirən fikirlərini bölüşüblər.
Sosioloq-yazıçı Tural Cəfərov: "Bu təşəbbüs bir çox cəhətləri ilə təqdirəlayiqdir. Çünki hər şeydən əvvəl müxtəlif bölgələrdə yaşayan şagirdlər arasındakı ünsiyyəti təmin edir. Bu da şagirdlərə dünyaya fərqli cür baxmağı, yeni düşüncələrlə və fikirlərlə tanış olmağa imkan verir. Mentorlar üçün də layihə fərqli təcrübələr və üfüqlər açır. Belə ki, biz yaşadığımız sosial məkanın əhatəsindən çıxır, yeni insanlar tanıyır, onların problemlərini, arzu və ideallarını öyrənir və şagirdlərə öz arzularını gerçəkləşdirmələri üçün istiqamət veririk. Və bütün bunlar bir daha cəmiyyətin işığa çıxması, parlaq gələcək üçün təhsilin, mənəvi ünsiyyətin, dialoq və müzakirənin nə qədər əhəmiyyətli olduğunu da göstərir".
"Şagirdlərin problemlərini, arzu və ideallarını öyrənir, onlara öz arzularını gerçəkləşdirmələri üçün istiqamət veririk"
Psixoloq, NLP master Rübabə Mərdanova: "Abituriyentlərlə ilk işə başladığımızda məqsəd onlara düzgün peşə seçiminin həyatımızdakı rolunu anlatmaq, bu yolda tərəddüdləri aşmaqda olanlara kömək etmək idi. Eyni zamanda, hansı sahəyə uyğun olduğumuzu bilmək üçün özümüzü dərindən tanımağın önəmini izah etmək məqsədilə müxtəlif test və çalışmalardan istifadə etdik. İmtahan həyəcanına bağlı ölçmələr əksər abituriyentin narahat, həyəcanlı olduğunu üzə çıxardı. Bunun üçün terapiya əsaslı çalışmalardan, fərdi söhbətlərdən istifadə edərək abituriyentlərə dəstək olmağa çalışırıq".
Təhsil mütəxəsisi Aynur Təhməzzadə: "Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" keyfiyyətli təhsilə çıxış imkanlarını təmin etmək məqsədi ilə həyata keçirilir. Birliyin rəhbəri Sevinc Fədai, peşəkar psixoloq Rübabə Mərdanova və sosioloq-yazıçı, ADU-nun müəllimi Tural Cəfərovun abiturientlər üçün keçirdiyi seminarlar olduqca faydalı və vacibdir. Eyni zamanda, 5 fəndən – Azərbaycan dili, ingiis dili, riyaziyyat, kimya və tarix fənlərindən keçirilən dərslər də abituriyentlər üçün çox faydalıdır. Psixoloq Rübabə Mərdanova və Tural Cəfərovla müxtəlif mövzularda aparılan onlayn psixoloji konsultasiyalar, maarifləndirici seminarlar abiturientlərdə özgüvən yaradır, biliklərini artırır, özlərini daha yaxşı tanımağa, öz daxili potensiallarını kəşf edib doğru ixtisas seçimi etmələrinə kömək edir".
Qeyd edək ki, təşəbbüsün məqsədi ali məktəblərə qəbul imtahanlarında zəif nəticə göstərən ucqar kəndlərdən olan abituriyentlərin keyfiyyətli təhsilə və psixoloji hazırlıq səviyyəsinə çıxış imkanlarını gücləndirməkdir.
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsünü Umay Təlim Mərkəzi icra edir.