İçərişəhərdə "Qəpik Evi" yazılmış piştaxtadan suvinerləri oğurlayan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü Bakı şəhər sakini Qulam (şərti) İçərişəhərdə piyada gəzərkən üzərinə "Qəpik Evi" yazılmış piştaxtaya yaxınlaşıb və oğurluq etmək qərarına gəlib. Bundan sonra o, piştaxtanın arxa hissəsinə keçib və saxlanc yerindən metal breloklar, brelok başlıqları və s. metal əşyaların olduğu iki qutunu oğurlayıb.
O, həmin qutuları Şirvanşahlar sarayı yaxınlığında daşların arasında yerləşdirərək, satmaq məqsədi ilə gizlədib.
Polisin apardığı araşdırma nəticəsində Qulam saxlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 2 il 8 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, "Qəpik Evi" köşkü İçərişəhər Qoruq İdarəsi ilə satış həyata keçirən şəxs arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərir.