Sevgilisi şikayət etdi, küçədə polislərə əsəbləşdi

HADİSƏ
20:19 / 12.05.2023
735

Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaxın münasibətdə olduğu xanımını öldürməklə hədələyən şəxs məhkəmə qarşına çıxarılıb.

Hit.az-ın məlumatına görə, 1993-cü ildə Şəmkir rayonunda anadan olmuş Samir (şərti) barəsində yaxın münasibətdə olduğu Türkan İsazadə tərəfindən polisə şikayət olunub.

T.İsazadə izahat verərək bildirib ki, Samirlə telefonla tanış olub və sonradan aralarında mübahisə yaranıb. Samir onu və ailəsini öldürməklə hədələdiyindən polisə şikayət vermək məcburiyətində olub.

Polislər onu şikayət əsasında 12-ci mikrorayon ərazisində saxlayıblar. Samir Türkan İsazadənin şikayətindən əsəbləşərək, küçədə səs-küy salmağa başlayıb və polis əməkdaşlarının tələblərinə tabe olmayıb. Polis bölməsinə getməkdən imtina edib. Polis əməkdaşları onu nizam-intizama dəvət edib və bölməyə aparıbıar.

Samir məhkəmədə əməlindən peşman olduğunu, anasının xərçəng xəstəsi olmasını qeyd edib və bir daha belə əməllərə yol verməyəcəyinə söz verib. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə Samir İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində cərimə edilib.

Aydın

0