“Günorta içib, axşam qəza törətdim” - Keçmiş polis işçisinə hökm oxundu

HADİSƏ
20:43 / 17.05.2023
557

Bakıda ölümlə nəticələnən yol qəzası törədən keçmiş polis əməkdaşına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Səbail rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Əsədullayev Emil Nadirşah oğlu Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Emil Əsədullayev ifadə verərək özünü elan edilmiş ittiham üzrə təqsirli bilib. O, hadisə baş verən gün günorta saatlarında dostları ilə birlikdə alkoqollu içki içməsinə baxmayaraq, özünü idarə edə bildiyini, içkili omasının kənardan hiss olunmadığını, hadisənin isə gecə saat 1 radələrində baş verdiyini deyib. 8 il polis orqanlarında çalışdığını deyən Emil Əsədullayev həbs olunmamışdan bir müddət əvvəl xidməti yerini dəyişmək üçün öz ərizəsi ilə işdən çıxdığını bildirib. Təqsirləndirilən şəxs heç vaxt sərxoş vəziyyətdə maşın idarə etməyə görə nə inzibati, nə də cinayət məsuliyyətinə cəlb edilmədiyini və qəza törətmədiyini, hadisəni qəsdən törətmədiyini və zərərçəkmiş şəxin yaxınları ilə barışıq əldə etdiyini qeyd edib. 

Qeyd edək ki, 30 dekabr 2022-ci il saat 1 radələrində Səbail rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Əsədullayev Emil Nadirşah oğlunun idarə etdiyi "VAZ 21144" markalı avtomobil Bakı- Qazax yolunun Qaradağ rayonu ərazisində "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin, 29 yaşlı Mirzəliyev Zərqulu Elman oğlu ölüb.

Aydın

0