Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin detalları məlum olub.
HİT.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə qəsəbənin Xanlar massivi kimi tanınan ərazisində - küçənin kənarındakı istifadəsiz quyuda baş verib.
Belə ki, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü uşaqlar yolda oynayarkən istifadəsiz qalmış və hazırda çirkab suları ilə dolu olan quyuya düşüblər. Yaxınları onları axtararkən hər iki uşağın quyuda olmasını öyrəniblər. Əvvəlcə uşaqların ailə üzvləri və qonşular öz imkanları ilə onların meyitini quyudan çıxarmağa çalışıblar və bir neçə saat ərzində buna cəhd ediblər.
Lakin daha sonra meyitləri çıxarmaq mümkün olmadığından FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət edilib.
Xilasedicilər bu gün səhər saat 5-dək ərazidə çalışaraq 10 yaşlı iki oğlanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.