Özünü asan İntiqam Zamanovun qohumlarından ilginc açıqlamalar

HADİSƏ
19:26 / 18.05.2023
1291

Bu ilin fevral ayında Bakının Suraxanı rayonunda Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun intihar etməsi ilə bağlı yeni detallar məlum olub.

İntiqam Zamanovun yaxın qohumu Tohid Ağamalıyev HİT.az-a açıqlamasında bildirib ki, artıq hər kəs mərhumun heç bir günahının olmadığını, intihara vadar edildiyini bilir. 

“Əvvəl heç cinayət işi açmırdılar. Bizim müraciətlərimizdən sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb. Amma cinayəti ört-basdır etməyə cəhdlər var”, deyə Tohid Ağamalıyev bildirib. 

İntiqam Zamanovun yaxınları deyir ki, o, ailəsi tərəfindən təzyiqlərə məruz qalıb. Mərhuma məxsus evi satmaq üçün ona şər atıblar. İntiqam Zamanov bu məsələ ilə bağlı "Space” telekanalında aparıcı Amil Xəlilin "Gəl danış” verilişinə çıxıb. Verilişdən sonra isə bacısı Diləfruz İsmayılovaya zəng vuraraq, haqsızlığa dözə bilmədiyini deyib və telefonunu söndürüb. 28 fevral 2023-cü il tarixdə isə intihar edib. Zamanov evindən tapılan məktubda intiharının səbəbi kimi övladları və xanımının ona qarşı etdiyi əməlləri göstərib. 

Tohid Ağamalıyevin sözlərinə görə, cinayətin ört-basdır etmək cəhdləri əsasən mərhumun qudası tərəfindən edilir: “İntiqam Zamanovun Famil adında bir qudası var. "Bığ Çoban" ləqəbi ilə tanınır. Zəng vurub məni hədələyir, deyir ora-bura şikayət etmə. Bu işə xitam vermək istəyirlər. Çünki məsələ araşdırılsa, məlum olacaq ki, İntiqam Zamanov sadəcə iyrənc formada şərlənib. Məqsəd isə onu neytrallaşdıraraq evi ələ keçirmək olub. İntiqam da buna dözməyərək intihar edib. Biz bu məsələni belə qoymacağıq. Bu işdə kimin təqsiri varsa, məsuliyyətə cəlb olunmasına çalışacağıq”.

İntiqam Zamanovun bacısı oğlu Məhəbbət İsmayılov bildirib ki, mərhumun guya 5 yaşlı nəvəsinə təcavüz etdiyi iddia edilir: “Bunun şər olduğu üzə çıxıb. Ekspertiza aparılıb və məlum olub ki, bu iddialara yalandır. Dayımı şərləyərək intihara vadar ediblər. Hər kəs bilir ki, onun günahı yoxdur. Amma bizə təzyiqlər edilir. İstəmirlər ki, şikayətçi olaq. Tohid müəllimi hədələyirlər, şikayət etməyə qoymurlar”.

Onun sözlərinə görə, təqib və təzyiqlərlər hüquq-mühafizə orqanlarına, eyni zamanda ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.

Anar

0