Son günlər Lənkəranda yağan güclü yağışlar, dağ kəndlərinə gedən yollarda torpaq sürüşmələrinə səbəb olub.
APA-nın cənub bürosunun məlumatına görə, rayona yağan güclü yağışlar nəticəsində Lənkəranda 7 kəndi birləşdirən Hirkan – Daşdatük – Biləsər avtomobil yolunda torpaq sürüşmələri baş verib.
Yolun bir hissəsi isə 40 sm çöküb. Bu da nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Sürücülər deyir ki, yağış yağan vaxt yolda torpaq sürüşmələri aktivləşir və yolda hərəkət çətinləşir.
Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı da dağılıb. Yolun 3-cü və 7-ci km ərazisində 4 yerdə aktiv sürüşmə nəticəsində yol daralıb. Eləcə də, yolun yuxarı hissəsindən torpaq qatı, qayalar aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb.
Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli yol istismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov APA-ya bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq, nəqliyyat vasitələrinin hərəkəti üçün bəzi qabaqlayıcı tədbirlər görülüb. Əraziyə ağır texnikalar və işçi qüvvələri cəlb olunub: “Bundan əlavə unla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunub. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə smeta sənədləri hazırlanıb”.
Qeyd edək ki, Hirkan - Daşdatük – Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018 – ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.