Dondar Quşçu sakinləri İlkin Süleymanovun müdafiəsinə qalxdı

HADİSƏ
17:25 / 22.05.2023
396

Tovuz rayonunun Dondar Quşçu kəndinin sakinləri 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Bu barədə HİT.az-a açıqlamasında İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib. O bildirib ki, kənd sakinləri onun ailəsini yaxşı tanıyır:

“Bilirlər ki, İlkin bu cinayəti etməyib. Əllərində bir sübut yox, şübhə və ehtimalla insan həbs etmirlər. 20 ilə qədər cəza nə deməkdir? Bu boyda haqsızlıq olmaz. Həm də ailə bunu özünün şərəfinə bir ləkə kimi qəbul edir. Hələ ki, müraciət olunub, indi görək məhkəmə nə deyəcək”.

Əlibaba Rzayev deyib ki, məhkəmə prosesi mayın 24-də davam edəcək:

“3 ildir İlkin günahsız yatır, səhv etmisiniz, səhvinizi etiraf edin. Onu buraxın və əsl cinayətkarı axtarın. Səhv etmisiniz deyə sona kimi gedəcəksiniz? mayın 24-də bizə söz veriləcək, sonra da hökm oxunacaq”.

Qeyd edək ki, prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. 

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub

Azra

0