Model sevgilisini döyən Ziyaya yeni ittihamlar irəli sürüldü

HADİSƏ
22:33 / 03.06.2023
603

Model Razi Əliyevanı döydüyü iddia olunan sevgilisi Ziya Hüseynzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Hit.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün polis tərəfindən Xətai Rayon Məhkəməsinə Z.Hüseynzadənin istintaq dövründə həbsdə saxlanılması ilə bağlı təqdimat daxil olub.

Təqdimat hakim Sülhanə Hacıyeva tərəfindən əsaslı hesab olunaraq təmin edilib. Onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Məhkəmədə o da məlum olub ki, iş üzrə əlavə zərərçəkmişlər də var və Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186 ( Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 221.1-ci (Xuliqanlıq) maddələrilə ittiham olunur.

Faktı iş üzrə zərərçəkmişlərdən birinin vəkili Ceyhun Yusifov təsdiq edib. Qeyd edək ki, bir neçə gün öncə model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb. DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.

0