İnsan alverçiləri üçün asan hədəf

HADİSƏ
13:55 / 04.06.2023
814

“2022-ci ildə əvvəlki illərdə doğulmuş, sənədləri olmayan 926 uşaq aşkarlanıb və sənədləşdirilib”, - deyə xəbər oxuduq. 2021-ci ilin statistikasına baxsaq, bu rəqəm 972 olub. Suallar yarandı: o uşaqlar kimlərdir, kimlərin övladlarıdır? Niyə sənədsiz yaşayıblar? Sənədsiz olduqları üçün hüquqları necə təmin olunub?

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov deyir ki, birliyə müraciətlərin böyük əksəriyyəti məhz sənədsiz uşaqlarla bağlıdır. Onun sözlərinə görə, səbəblər fərqlidir, amma birinci yerdə valideyn məsuliyyətsizliyidir: “Bir çox valideynlə söhbət edəndə görürsən ki, sadəcə məsuliyyətsizlikdən dolayı bunu vaxtında etməyiblər. Qaraçılar isə ümumiyyətlə laqeyd davranırlar. Qaraçılardan xidmət göstərdiyimiz şəxslər var idi. Onların məhkəmə yolu ilə sənədlərini alıb təqdim etdik. 3-4 ay keçməmiş eyni adamlar təkrar müraciət edirdilər ki, sənədlər itdi, yenə köməklik edin”.

X.Kazımovun sözlərinə görə, “Doğum haqqında tibbi şəhadətnamə”nin olmaması da problem yaradan məsələdir: “Uşaq xəstəxanadan kənar yerlərdə dünyaya gəlir, bu zaman da “Doğum haqqında tibbi şəhadətnamə”si olmur. Şəhadətnamə yoxdursa, vətəndaş ilkin sənədləri ala bilmir. İlkin sənədi vaxtında ala bilmirsə, üstündən vaxt keçirsə, yalnız məhkəmə yolu ilə əldə edə bilərlər. Bu halda əlavə əngəllər ortaya çıxır. Hüquqi xidmətə əlçatanlığın və məhkəmə üçün müvafiq rüsumları ödəmək imkanlarının olmaması kimi məsələlər də uşaqların sənədsiz qalmasına səbəb olur”.

X.Kazımov bildirdi ki, bir ailənin 4 uşağının sənədsiz olması halı belə var: “Valideynləri ölkə daxilində səyyar həyat tərzi sürən uşaqlarla bağlı da belə hal yaşanır. 3 ay bir rayonda, 5 ay birində, 6 ay birində və s. yaşayır. Səyyar həyat tərzi, dayanıqlı yaşayış yerinin olmaması onların qeydiyyatda olduqları yer üzrə sənəd almasında problem yaradır. Hətta belə ailələrdən birinin 4 uşağı var idi, 4-ü də sənədsiz. 3-nün sənədini məhkəmə yolu ilə almağa köməklik etdik, ancaq 17 yaşında qızlarının sənədini almaq üçün məhkəmə prosesi hələ də davam edir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva deyir ki, xəstəxanalardan kənar doğumlar, qaraçı ailələrindən olan uşaqlarla yanaşı, qeyri-rəsmi münasibətlərdən dünyaya gələn, küçə həyatına məruz qalan uşaqlarda da sənədləşmə problemi olur. Onun sözlərinə görə, Dövlət Komitəsi sənədsiz uşaqların sənədləşdirilməsi ilə bağlı iş aparmasa da, bu kimi müraciətlər daxil olduqda məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara rəsmi qaydada müraciət edilir.

G.Nağdəliyeva bildirdi ki, məhkəmə prosesləri zamanı və əksərən də uşağın təhsil yaşı çatdıqda valideynlər sənədin vacibliyini anlayırlar: “Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydası” var. Uşaq məktəbə getmək üçün o qaydalarda tələb olunan sənədləri gətirməlidir. Ona görə bir çox valideynlər məhz uşaq məktəb yaşına çatanda sənədlərin toplanması prosesinə başlayırlar”.

Sığınacaqlarda da sənədsiz uşaqlar çox olur. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə deyir ki, hazırda sığınacaqda 15 sənədsiz uşaq var və onların içərisində hər yaş qrupunda uşaq görmək mümkündür: “13 yaşlı qız üçün doğum faktının təsdiq olunması ilə bağlı müraciət etdik. Uzun proseslərdən sonra həyata keçirildi. 16 yaşında doğum haqqında şəhadətnamə ala bildik. Təsəvvür edin, 14-15 yaşa qədər heç bir sənədi olmayıb. Bu, çox böyük problemdir”.

Sığınacaqdakı sənədsiz uşaqların kimlər olmasına gəlincə, K.Ağazadə bildirdi: “Bizdə sığınacaq olduğu üçün daha çox valideynlərin ortada olmadığı məqamlarla bağlı sənədləşmə problemi yaşayanları görürük. Ya ata ortalıqda yoxdur, ya da ana. Məsələn, valideynlərdən biri həbsdədir, digəri də tək sənədləşdirməyə getmir, elə də qalır. Yaxud valideynlərdən birinin zərərli vərdişi var. Məsələn, narkotik istifadəçisidir, uşaq dünyaya gələndən sonra atıb gedir. Əsas problem isə ana ortada olmadığı vaxt yaranır. Uşaq ana ilə qiymətləndirilir. Bioloji ata hələ onun doğum faktını təsdiq edən əsas deyil”.

Vəkil Qumru Eyvazova deyir ki, sənədləri olmayan uşaqlar arasında dilənçilik və avaraçılığa, pis vərdişlərə meyllilik, hüquq pozmaları törətmə hallarına rast gəlinir. Bu uşaqlar yetkin şəxslərin təhriki ilə narkotikdən istifadəyə, oğurluğa, digər ağır cinayətlərə sövq edilirlər. 

Q.Eyvazova bildirdi ki, uşaq məktəb yaşınadək sənəd almayanda, onun məktəbə qəbul olunmasında da problemlər yaşanır. Məktəb yaşında da bu hala “gələn il edərəm” kimi laqeydliklə yanaşanlar, sənədləşməni bir neçə il uzadanlar da olur: “İllər sonra uşağı məktəbə yazdırmaq istəsə də, təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir”.

Vəkilin sözlərinə görə, sənədi olmayan uşaq potensial insan alveri qurbanına çevrilə bilər: “Belə ki, şəxsin bir fərd kimi tanınması üçün onun şəxsiyyətini təsdiq edən sənəd mövcud deyilsə, onu insan alverinə cəlb etmək cinayətkarlar üçün daha da asan olur”.

Q.Eyvazova bildirdi ki, sənədi olmayan uşaq itərsə, onu tapmaq da çətinləşir: “Uşaqların şəxsiyyət vəsiqəsi onlar itdikləri halda tapılmalarında mühüm rol oynayır”.

Mənbə: "Kaspi" qəzeti

0