Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında işıqların sönməsi səbəbilə həkimlər liftdə qalıblar.
Bu barədə Pravda.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Klinikada problem 40-45 dəqiqəyə yaxın davam edib.
Ehtimal olunur ki, Klinikanın “Azərişıq” ASC-yə borcu olduğu üçün işıqlar sönüb.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova isə məlumatı nkar edərək deyib ki, işıqların sönməsi cəmi iki-üç dəqiqə davam edib.
“Yaranan problem Klinikadan qaynaqlanmayıb. İşıqpulu borcunun olması ilə bağlı yayılan məlumat səhvdir. Səbəbin nə olduğunu biz də bilmirik. Nəsimi rayon Elektrik İdarəsindən, yaxud “Azərişıq”dan səbəbi öyrənmək olar. Başqa qurumun adından cavab verə bilmərik. Çünki problem bizdən qaynaqlanmır. Məsələni araşdırdıq. İşığın sönməsi iki-üç dəqiqə davam edib, bu müddət ərzində reanimasiyada, uşaqların yatdığı küvəzlərdə heç bir problem yaranmayıb. Çünki avtomatik olaraq generatorlar işə düşüb. Sadəcə, generatorların tənzimlənməsi zamanı liftin işə düşməsi bir az vaxt alıb. Şükür ki, başqa heç bir problem olmayıb, əməliyyatxanalarda və digər bölmələrdə generatorlar avtomatik yanıb”.