Xanım hüquqşünasın lüks avtomobilini yandıran şəxs məhkəmə qarşısında

HADİSƏ
17:59 / 12.06.2023
470

Bakıda qaçırdığı bahalı avtomobillə qəza törədən və maşının partlayaraq yanmasına səbəb olan Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Əlican Qurbanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyunun 14-nə təyin edilib.

Şikayət hakim İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Əlican Qurbanov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qeyd edək ki, hadisənin bu il gecə saat 04 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağında olan və banklardan birində hüquqşünas kimi çalışan S.A-ya məxsus "BMW-X6" markalı avtomobilin qaçırıldığı məlum olub.

Belə ki, xanım hüquqşünas avtomobilini həyətdə park etdikdən sonra açarı binanın mühafizçisi Murad adlı şəxsə təhvil verib və o da açarları otağına qoyub. Bundan sonra həyətdəki avtoyuma məntəqəsində yuyucu işləyən Əlican sərxoş halda gecə saat 4-də oraya gəlib və avtomobilinin açarını götürüb və maşını sürərək ordan uzaqlaşıb. Səhər saat 6-da o, maşını yüksək sürətlə idarə edərkən Bakı Beynəlxalq Avtovağzalının qarşısında qəza törədib. Nəticədə avtomobil partlayaraq yanıb. Hadisə zamanı avtomobilə ümumilikdə 40 min manat ziyan dəyib və tamamilə yararsız hala düşüb. 

Sonradan məlum olub ki, bahalı avtomobil lizinq obyektidir. Belə ki, xanım hüquqşünas işlədiyi banka ödəniş edərək maşını kreditlə əldə edib.

Hadisdən dərhal sonra Əlican Qurbanov həbs edilib. Barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.2.4-ci (Talama məqsədi olmadan avtomobil qaçırma - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə iş açılıb. 

Məhkmədə Əlican törətdiyi əməli etiraf edib. O, vurmuş olduğu 40 min manatlıq ziyanı ödəmək imkanının olmadığını deyib. 

Xatırladaq ki, Hadisə vaxtı yanan "BMW-X6"ya 40 min manat ziyan dəyib. Həmçinin DYP-yə məxsus xidməti avtomobilə və yol kənarından keçən "Toyota Carolla" markalı avtomobillərə də xeyli ziyan dəyib.

Məhkəmədə zərərçəkmiş tərəf Əlican Qurbanovun əməlinə görə onlara böyük ziyan dəydiyini bildirib və ondan şikayətçi olub.

0