BP-də işləyən ərini öldürən qadınla bağlı QƏRAR

HADİSƏ
08:57 / 22.06.2023
597

Ali Məhkəmədə Bakıda əri Araz Sofiyevi xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın barəsindək hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadın 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin iyul ayının 7-də, gecə saat 03:00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. 

İstintaq zamanı məlum olub ki, cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib. Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və mənzildən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər. Rəna Sofiyeva gecə saatlarında baş verən qətldən bir neçə saat sonra verdiyi ilkin ifadəsində deyib ki, Kənd Təsərrüfatı texnikası satışını həyata keçirən “4S” MMC-də marketinq meneceri vəzifəsində işləyib. Araz Sofiyev isə “BP-Azərbaycan”, “Baltika-Bakı” və “Aqrovest İMP” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Rəna Sofiyev 2003-cü ildə Araz Sofiyevlə ailə həyatı qurduğunu, 2005-ci ildə bir oğlu olduğunu bildirib. O, Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.

0