Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.
Bu barədə HİT.az-a FHN-dən bildirilib.
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak edib.
09.14
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə HİT.az-a FHN-dən bildirilib.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.