Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
HİT.az-ın məlumatına görə, hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.