Ded Xasanın axtarışda olan yaxın adamı Monteneqroda ələ keçdi

HADİSƏ
16:56 / 15.07.2023
595

2013-cü ildə qətlə yetirilən "qanuni oğru" Aslan Usoyanın (Ded Xasan) ən yaxın adamlarından olan kriminal avtoritet Georgi Manukyan (Jorik Tbilisski) saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, Rusiya tərəfindən İnterpol xətti ilə axtarışda olan "qanuni oğru" Monteneqronun Tivat şəhərindəki aeroportunda ələ keçib. 

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə onun kriminal dünyanın liderlərindən olduğunu bilməyib. Onun "qanuni oğru" olduğu araşdırmalardan sonra məlum olub. 

59 yaşlı Jorik Tbilisski 1993-cü ildən kriminal dünyanda parlamağa başlayıb. O, Rusiyanın Krosnayarsk vilayətində kriminal mühitə nəzarət edib. 

Jorik Tblissikinin "qanuni oğru" titiuluna layiq görülməsində Ded Xasanın müstəsna rolu olub. Ümumiyyətlə, o, Ded Xasanın sevimlisi hesab edilir. 

Georgi Manukyanın erməni əsilli olduğu bildirilsə də, bəzi mənbələr onun yezidi kürd olduğunu iddia edir. Ded Xasanın ona xoş münasibəti də bununla izah edilir. Məlumat üçün deyək ki, Aslan Usoyan da yezid kürd əsillidir. 

Jorik Tbilisski Ded Xasanın ölümündən sonra da nüfuzunu qoruya bilib. Onun klanında əsas söz sahiblərindən biri olub. 

Rusiya Federasiyası Cinayət Məcəlləsinə "qanuni oğrular"la bağlı xüsusi maddə salındıqdan sonra Jorik Tbilisski ölkəni tərk edib. Bu baxımdan, onun barəsində qiyabi həbs qərarı çıxarılıb və İnterpol xətti ilə axtarışa verilib. 

Jorik Tbilisski Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə təqsirləndirilir. Bu maddə ilə onu 8 ildən 15 ilədək həbs gözləyir. 

Bu maddə Cinayət Məcəlləsinə əlavə edildikdən sonra Rusiya "qanuni oğru"lar üçün təhlükəli ölkəyə çevrilib. Onların bir çoxu Rusiyanı tərk edərək Türkiyə və Avropa ölkələrinə üz tutub. Bununla belə, onlar Rusiya vətəndaşı olduqları üçün bu ölkənin hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədirlər. Onlardan bəziləri barədə qiyabi həbs və axtarış qərarı çıxarılıb. 

Rusiyanı tərk etməyən "qanuni oğru"lar da var. Onların bir çoxu artıq 201.1-ci maddə ilə mühakimə olunaraq cəza alıblar. 

Bu günlərdə Rusiya vətəndaşı olan Azərbaycan əsilli "qanuni oğru" Hacıbaba Talıbxanov (Hacı Beyləqanski) 210.1-ci maddə ilə məhkəmə qarşısına çıxarılıb. 

0