Bakıda kütləvi davada 2 nəfər necə öldürülüb? - İTTİHAM AKTI

HADİSƏ
18:01 / 27.07.2023
493

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işinin bəzi detalları məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, R.Hüseynov və mərhum Xəyal Rəhimov 2018-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində birgə cəza çəkərkən aralarında narazılıq olub.

Narazılığa aydınlıq gətirmək məqsədilə X.Rəhimov bu il fevralın 11-də gecə saatlarında tanışı Orxan Fətəliyevlə birlikdə Raufun kirayə yaşadığı, eyni zamanda, Ceyhun İsayevə məxsus evin pəncərəsini döyərək Raufla Ceyhunu çölə səsləyib. Bundan sonra tərəflər arasında qarşılıqlı nalayiq ifadələr işlədilib. Rauf üzərində gəzdirdiyi bıçaqla Xəyalın sol əlindən vurub, O.Fətəliyev və Ceyhun İsayev arasında isə qarşılıqlı yumruq zərbələri olub.

X.Rəhimov həmin ünvana gəldiyi "Ravon" markalı avtomobildən soyuq silah hesab edilən dəmir dəyənəyi götürdükdə, Ceyhun cəld həmin dəyənəyi Xəyalın əlindən alaraq yaşadıqları fərdi yaşayış evinin həyətinə atıb. Xəyal və Orxan oradan uzaqlaşdıqdan sonra həmin gecə, saat 01 radələrində tanışları mərhum İlkin Rzayevlə görüşüblər.

İttihama görə, İ.Rzayev, O.Fətəliyev və qeyriləri Xəyalla birlikdə dəmir dəyənək götürərək yenidən Rauf və Ceyhunun yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsindəki ünvana gediblər. Xəyal əlində olan dəmir dəyənəklə həmin evin pəncərələrini sındırıb. Bunu görən Rauf üzərində olan cib bıçağını, Ceyhun qara rəngli mətbəx bıçağını və həmçinin, Xəyaldan aldığı göy rəngli dəmir dəyənəyi, Ceyhunun qardaşı Ramin İsayev isə üzərində olan bıçaq və döşəmə silən taxtanın tutacaq hissəsini özləri ilə götürüb yaşadıqları evdən küçəyə çıxıblar.

Aralarında yaranan dava zamanı R.İsayev gödəkçəsinin döş cibində olan mətbəx bıçağını çıxarıb mərhum İlkin Rzayevin qarın nahiyəsindən 1 dəfə vurur. Həmin vaxt evdən küçəyə çıxan Raufun anası Qızqayıt Hüseynova davanın qarşısını almaq istədikdə Xəyal dəmir dəyənəklə onun sol qol və ayaq nahiyəsindən vurararq xəsarət yetirib.

Bundan sonra Rauf üzərində olan bıçaqla İlkinin döş qəfəsi nahiyəsindən bir dəfə vurub. Aldığı xəsarətdən İ.Rzayev hadisə yerində ölüb.

İstintaq materiallarında qeyd olunub ki, Ceyhun isə əlindəki dəmir dəyənəklə Xəyalın üzərinə gedərək onun baş nahiyəsinə güclü zərbələr endirir. Bu məqamda Rauf əlindəki bıçaqla zərbələrin təsirindən yerə yıxılan Xəyalın bədəninin müxtəlif nahiyələrinə vurub. Xəyal aldığı zərbələrdən 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilir və ona yetirilmiş başın küt travması nəticəsində kəllə sümüklərinin xətti sınığı ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən ölüb.

Qeyd edək ki, hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır.

Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

0