Azərbaycanda iki güclü zəlzələ nəyin xəbərçisidir?

HADİSƏ
22:50 / 28.07.2023
394

İyulun 26-da yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 23 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Xatırladaq ki, iyulun 4-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin o vaxt yaydığı məlumata görə, zəlzələ ocağı 20 kilometr dərinlikdə olub. Zəlzələ Quba, Xaçmaz, Siyəzəndə 6 bala, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunmuşdu.

22 gündən sonra 5 bal gücündə təkrarlanan zəlzələ nə deməkdir? Bu, daha güclü yeraltı təkanların xəbərçisidirmi?

Yeri gəlmişkən, Türkiyədə bu il fevral ayının 6-da baş vermiş zəlzələdən sonra Azərbaycanda da güclü zəlzələnin olacağı barədə zaman-zaman məlumatlar verilir. Bildirilir ki, qardaş ölkədə baş verən dəhşətli zəlzələ Azərbaycanda da zəlzələ ocağını oyadıb. Düzdür, rəsmilər bu xəbərlərin əsassız olduğunu desələr də, baş verən son iki zəlzələ faktı bu cür şübhələrin yaranmasına əsas verib.

Mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a bildirib ki, bəzi xarici saytlar Lənkəranda olan zəlzələni Xəzərdə olmuş kimi təqdim ediblər:

“Bu yanlışdır. Lənkərandan 23 kilometr şimal-qərbdə baş vermişdi, zəlzələnin episentri ora düşmüşdü. Hər gün yerdaxili proseslər gedir və getməlidir, yəni bu da insan kimi canlıdır, hərəkətdədir. Tektonik qırılmalarla parçalanmış o bloklar ki deyirik, litosferdə gedən bütün hərəkətlərin hamısı gizlənilir. Onların da hərəkətlərinin müxtəlifliyi sayəsində zəlzələlər, layların parçalanması baş verir. Orada müəyyən müddətdə sıxıntı əmələ gəlir, gərginlik, deformasiya şəraitində olur, sonra parçalanma gedir. Eləcə də digər blokun o biri tərəfindəki məsafə etibarilə bloklararası tektonik qırılması müşayiət olunanda o tərəfdə də, bu tərəfdə də olur, laylar parçalanır, zəlzələlər baş verir.

Qaldı ki o hərəkətlərə görə, gərginlik, deformasiya vəziyyətinə görə güclü, dağıdıcı - 9 ballıq, ondan da artıq zəlzələ olmaq ehtimalına, bu gözlənilmir. Yəni yaxın zamanlar üçün gözlənilmir. Bunu deyə bilmərəm ki, ömürlük belə olacaq. Hər günün öz hökmü var. Amma mən xalqa müraciət etmişdim ki, rahat yatın, yaxın vaxtlarda Xəzərdə güclü zəlzələnin olması ehtimalı yoxdur, ola bilməz. Avtoşoklar ola bilər, içində xırda hiss olunanı da qorxulu deyil. Çünki biz orada həmin müddət baş verən zəlzələdən ayrılan enerjinin gücünü hesabladıq. Orada qalmış enerjini hesabladıq. Onlara əsaslanaraq deyə bildik ki, o lokal sahədəki parçalanma, zəlzələ 65 kilometr dərinlikdə baş verdi. Ona görə arxayınlıqla dedik. Heç hiss olunan bir təkan da olmadı. 5-6 dəfə avtoşok oldu. O da cihazlar vasitəsilə qeydə alındı. Ancaq millət təşvişə düşdü. Amma insanları da qınamıram. Türkiyə zəlzələsi heç kimin beynindən çıxmayıb. Amma insanları rəsmi məlumatlara inanmağa çağırıram".

Mərkəz direktoru “dənizdə maksimum hansı bal gücündə zəlzələ insanlar üçün təhlükəli ola bilər” sualına belə cavab verib:

“8-9 bal gücündə zəlzələ istər dəniz, istərsə də quru ərazi olsun, fəlakətlərə, dağıntılara səbəb ola bilər. İndi yay mövsümüdür, bütün ölkə ərazisində xırda təkanlar olur, bunlar qorxulu deyil. Bunlar elə bir dalğa yarada bilməz ki, deyəsən nə isə ola bilər”.

0