bakıda müəllim Amerikadan sifariş verdiyi kompüterin çatdırılmamasına görə daşıma şirkətini məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, iddiaçı Z.Məmmədovun 424 manata sifariş verdiyi kompüter 6 ay ərzində ona çatdırılmayıb. O, məhkəməyə müraciət edib, dəymiş maddi və mənəvi ziyanın “Mover” MMC-dən tutularaq ona ödənilməsini tələb edib.
İddia ərizəsində göstərilib ki, 6 ay əvvəl sifariş verdiyi məhsulun qiyməti hazırda 510 manatdır. 30 manat isə daşınma üçün ödənilib. Z.Məmmədov kompüteri müəllimlik fəaliyyəti ilə bağlı sifariş verib, məhsulun vaxtında təhvil verilməməsi işlərində gecikmələrin yaranmasına və sarsıntılar keçirməsinə səbəb olub. O, bu əsasla mənəvi ziyana görə də əlavə 100 manat tələb edib.
Məhkəmə araşdırması zamanı sübut olunub ki, iddiaçının tələbi qismən qəbulediləndir. O, həqiqətən sifariş verdiyi məhsulu hələ də ala bilməyib. Dəfələrlə daşıyıcı şirkətə müracit edib, lakin hər dəfə müxtəlif bəhanələrlə çatdırılma təxirə salınıb.
Qərara əsasən 424 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh şirkətdən tutularaq Z.Məmmədova ödənilib.
Məhkəmə belə qənaətə gəlib ki, indiki vaxtda məhsulun qiymətinin nə qədər olması iddiaçının xeyrinə hesab oluna bilməz. Bundan başqa onun mənəvi ziyanla bağlı tələbi də əsassız sayılıb.