Bakıda həkim MTK rəhbərini binanın qarajında döyüb?

HADİSƏ
09:30 / 17.08.2023
710

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Mahir Həsənov və Rəsul Məmmədovun (hər iki şəxsin ad, soyadı şərti) barəsindəki bəraət hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

İttihama görə, Mahir Həsənovla Rəsul Məmmədov "Ressan" MMC-nin rəhbəri İsmayılov Rauf Ağamusa oğlu tərəfindən Xətai rayonu ərazisində yerləşən yaşadıqları mənzilə aid çıxarışın verilməməsi və həmin mənzilə aid kommunal ödənişin 30 qəpik artırılmasına görə onların arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxslər 19 aprel 2022-ci il tarixdə, saat 16:50 radələrində həmin binanın qaraj hissəsində MTK rəhbərinin ünvanına nalayiq ifadələr işlədiblər, onun yaxasından tutaraq, yumruq və təpik zərbələri endiriblər. Daha sonra Rauf İsmayılov polisə müraciət edib və Mahir Həsənovla Rəsul Məmmədov saxlanılıb. Onların barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxsə bəraət verilib.

Qeyd edək ki, Mahir Həsənov “Kristal Dent” klinikasında həkim-stomatoloq işləyir.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda bina sakinləri "Ressan" MMC-nin rəhbəri Rauf İsmayılovdan şikayətçi olduqları barədə xəbərlər yayılmışdı.

0