Qaz idarəsinin əməkdaşı qadını qaçırmaq istədi, ayaqqabısını qoyaraq qaçdı

HADİSƏ
09:22 / 21.08.2023
501

Lənkəran Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Zamin Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 4 sentyabr 2021-ci tarixdə, saat 18 radələrində Kürdəmir rayonu, Beyi kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Quliyev yaşadığı evin yerləşdiyi küçədə həmkəndlisi, zərərçəkmiş Aminə Əliyevaya (şərti) yaxınlaşaraq evlənmək məqsədilə qaçıracağını deyib. Lakin qadın ona rədd cavabı verib və qışqırmağa başlayıb. Bunu görən Zamin həmkəndlisinə fiziki güc tətbiq edərək onu qucağına alıb və öz evləri istiqamətində qaçırıb. O, bir neçə metr hərəkət etdikdən sonra zərərçəkmiş şəxs qışqıraraq səs-küy salıb, təqsirləndirilən şəxsə müqavimət göstərməklə əlindən çıxıb. Daha sonra Aminə küçədə yolun kənarındakı metal qaz borusundan yapışıb. Bu zaman Zamin yenidən ona zor tətbiq etməklə çəkib aparmaq istəyib. Zərərçəkmiş şəxs yenidən qışqırıb kömək çağırıb, ona israrlı müqavimət göstərib. Həmin vaxt kənardan digər şəxslər gəlib. Bunu görən Zamin isə Aminəni buraxıb, ayaqqabısını da hadisə yerində qoyaraq qaçıb. Polis əməkdaşları tərəfindən saxlanılan Zamin Quliyevin barəsində həbs qətimkan tədbiri seçilib və ona qarşı Cinayət Məcəlləsinin adam oğurluğuna cəhd maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Zamin Quliyev hadisəni törədən vaxt Kürdəmir rayon Qaz istismarı İdarəsində çilingər vəzifəsində çalışıb.

0