Astarada sabiq bələdiyyə sədrini qətlə yetirməkdə ittiham olunan Aslan Şüvünəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq dövründə təqsirləndirilən şəxsin əməlində daha ağır cinayət tətkibi olduğu müəyyən edilib. Bu əsasla onun ittihamı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsinə tövsif edilib.
İş hakim Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.
Astara rayonun Dirya kənd sakini 54 yaşlı Eynəli Əzizov mayın 1-də axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
İki gün sonra onun üzərində xəsarət izləri olan meyiti qonşu Şümrüd kəndi ərazisindəki meşə massivindən tapılıb. İstintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Şümrüd kənd sakini, Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, E.Əzizov vaxtilə orta məktəbdə müəllim işləyib. O eyni zamanda bələdiyyə sədri də olub.