"Azərbaycanda güclü zəlzələlər gözlənilir" - AÇIQLAMA 

HADİSƏ
14:54 / 05.09.2023
1024

"Azərbaycan daim hərəkətdə olan Ərəbistan və Avrasiya platformasının coğrafiyasında yerləşir".

Bu sözləri “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz eyni zamanda geoloji Kaynozoy erasının Alp-Himalay cavan dağəmələgəlmə zonası olan Qafqaz dağlarının ətəklərində yerləşir:

"Həmçinin, Böyük Qafqazın da daim hərəkətli olmasını unutmamalıyıq. Ölkəmiz müxtəlif seysmik tavalar - Abşeron, Cənub-şərqi Qafqaz, Kiçik Qafqaz və s. üzərində yerləşir. Mərmərə aktivliyi illərdir seysmoloqların nəzarətində idi. Hələ də böyük zəlzələnin tam baş vermədiyi deyilməkdədir. Xüsusilə, İstanbulun bu böyük və təhlükəli fay xətti üzərində yerləşdiyi bəllidir.  Qarşıduran platformalarda enerjinin artdığı müşahidə olunduğundan seysmik tavalarda da bu proses artmaqdadır. 

Xüsusən Abşeron və Şamaxı-İsmayıllı tavalarındakı qarşıdurma zəlzələ ehtimalını yüksəltməkdədir. Hər gün yüksək olmayan titrəyişlər və zəlzələlər baş verməkdədir. Dediyim kimi, zəlzələlərin və afterşokların sayının artması litosferdə toplanmış enerjidir. Zamanla boşalmağa başladıqca bu cür artışlar qeydə alınmaqdadır".

333168

Ekspert son zamanlarda Azərbaycanda zəlzələlərin tez-tez baş verməsinin səbəblərindən də danışıb:

"Artışların səbəbi həm Alp-Himalay dağ qurşağındakı qalxma və enmələrlə, həm də yuxarıda qeyd etdiyim kimi seysmik platformalar arasındakı gərginliklə bağlıdır. Nəticədə isə hələlik zəif təkanlar hiss olunmaqda və qeydə alınmaqdadır.  

Zənnimcə, fevral ayındakı ağır Kahramanmaraş zəlzələsi və ölkəmiz ərazisində baş verən titrəyişlər bizləri ön hazırlıqlı olmağa çağırır. Xüsusən Şamaxı-İsmayıllı tavası ərazisində baş verən yol sürüşmələri diqqətdən qaçırılmamalıdır. Bildiyiniz kimi, tarixdə Gəncə və Şamaxıda böyük zəlzələlər olub. İndi də o ərazilərdə enerji toplandığı bəllidir".

Həmsöhbətimiz qeyd edib ki, hökumət və yerli icra orqanları tədbirli olmalıdırlar:

"Xüsusən göydələnlərin tikintisinə həssaslıq və məsuliyətlə yanaşılmalıdır. Yer üzərində bir çox ölkələrdə seysmik aktivlik nəzərə alınaraq, yüksəkmərtəbəli binaların tikintisi qanunla qadağandır. Məncə, bizim ölkədə məsələn, Bakının daha çox seysmoaktiv rayonlarında yüksəkmərtəbəli bina tikintisi qadağan edilməlidir. Eyni zamanda, binaların seysmik dayanıqlılığı ölçülməli və tədbir alınmalıdır".

Qorxmaz İbrahimli vurğulayıb ki, Azərbaycanda güclü zəlzələlərin olması gözlənilir:

"Bəli, ölkəmizdə güclü zəlzələlərin baş verməsi gözlənilir. Lakin hazırda zəlzələnin gücü yox, tikintilərimizin dayanıqlılığı öyrənilməlidir. Çünki bizdə 7 baldan yuxarı zəlzələnin olması çox da gözlənilmir. Əlbəttə istisna bölgə və rayonlarımız var ki, oralarda hətta 8 bal gücündə də zəlzələ ola bilər".

Pərviz

0