Keçən ilin 24 dekabrında Mərdəkan istiqamətinə gedən yolun Binə qəsəbəsindən keçən hissəsində idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə nənə və nəvəsini vuran 1998-ci il təvəllüdlü Ceyhun Cəfərovun məhkəməsi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində məlum olub ki, avtomobilin vurduğu 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rail oğlu həmin gün Ağdaşdan Bakıya gəlibmiş. Zərbənin təsirindən nəvə vəfat edib, nənəsi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, orta məktəbin şagirdi olan Tunarın atası ilə anası ayrılıb. Onun anası digər oğlu ilə Binə qəsəbəsi Savxoz adlanan ərazidə yaşamağa başlayıb. Tunar isə atası ilə Ağdaşda yaşayıb. Hadisə baş verməmişdən əvvəl Rail Əliyev qayınanasıgilə gedərək arvadı ilə barışmaq istədiyini, övladlarının ata-anasız böyüməsini arzulamadığını bildirib.
Bundan sonra Rail Əliyev, onun 11 yaşlı oğlu Tunar, qayınanası və qayınatası birgə Binəyə getmək qərarına gəliblər. Məqsəd isə Raillə ayrılan həyat yoldaşını barışdırmaq və onların birgə yaşamasını təmin etmək olub.
Həmin şəxslər metronun “Koroğlu” stansiyasından avtobusla Binəyə gəliblər və dayanacaqda düşdükdən sonra magistral yolu keçməyə çalışıblar. Bu zaman Raillə qayınatası yolu keçsə də, Türbət Əliyeva və azyaşlı nəvəsi özünü itirərək yolun ortasında qalıb. Nəticədə sürətlə hərəkət edən Ceyhun Cəfərovun maşını onlara çırpılıb. Bu zaman idarəetmədən çıxan avtomobil yol kənarındakı digər maşına dəyərək dayanıb.
Xəzər Rayon Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmə C.Cəfərovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. O, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.