DTX tərəfindən Xocavənddəki mina terroru ilə bağlı cinayət işi başlanıldı

HADİSƏ
09:45 / 19.09.2023
724

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan "Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Samir Sabiroviç Sadıxov və 02.05.1965-ci il təvəllüdlü Fərhad Hüseynağa oğlu Quliyev həlak olublar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalar başlanılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 19 sentyabr 2023-cü ildə saat 03:45 radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu "Shacman Howo” markalı nəqliyyat vasitəsinin Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər 02.05.1965-ci il təvəllüdlü Fərhad Hüseynağa oğlu Quliyev və 21.11.1970-ci təvəllüdlü Samir Sabiroviç Sadıxovun ölməsi müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

0