Abşeron Rayon Məhkəməsində həyat yoldaşını döyməkdə təqsirləndirilən Zaman Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 12 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Abşeron rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, Zaman Həsənov ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda arvadı , zərərçəkmiş Əminə Həsənova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının işlədiyi xəstəxanadan evə həmişəki vaxtdan gec gəlməsi səbəb olub. Əri bununla bağlı arvadına irad bildirib. Bu zaman onların arasında ailə daxili münasibətlər zəminində narazılıq yaranıb. Daha sonra Zaman qadının üzərinə hücum edərək yumruq və şillə ilə onun sifət, təpiklə isə bədən nahiyələrinə qəsdən zərbələr endirib. Nəticədə o, Əminənin sağlamlığına qəsdən yüngül zərər vurub. Hadisədən sonra Əminə Həsənova hüquq-mühafizə orqanlarına müraciət edib və ərinin barəsində cinayət işi açılıb.