Şabran rayonunda anasını öldürməyə cəhddə təqsirli bilinən Asim Xudaverdiyevin məhkəməyə verdiyi ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə o, məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, atası və anası 2000-ci ildə evlənib, 2019-cu ildə, o, həqiqi hərbi xidmətdə olanda valideynləri boşanıblar. Onlar boşandıqdan sonra azyaşlı bacıları anası ilə qalıblar. Asim isə atası ilə yaşayıb. Hərbi xidmətə getməmişdən qabaq anasının Sahib (şərti) adlı şəxslə atasına xəyanət etdiyini biliblər. Lakin anasına bunu sübut edə bilməyiblər. Bu xəyanətinə görə onlar boşanıblar. Asim 2021-ci ilin iyul ayının 1-də müddətli həqiqi hərbi xidməti başa vurub, Şabran şəhərinə qayıdıb. Onun sözlərinə görə, hələ hərbi xidmətdə olanda anasını öldürüb ailəsinin namusunu təmizləmək qərarına gəlib. İyul ayında xidmətdən qayıdandan sonra Xaçmazda “Azərsun Holding”in konserv zavodunda fəhlə işləyib. Bunun üçün Xaçmazda kirayədə qalmağa başlayıb. Sonra Şabran şəhərinə gələrək atası ilə yaşayıb. 2021-ci il noyabrın 12-də, səhər saat 09-10 radələrində Şabran şəhərində təsadüfən yolda anası Gülbaharı görüb. Onu görən kimi əvvəlki hissləri oyanıb. Şabran şəhər mərkəzi bazarına gedib, orada içərisində məişət malları mağazasından mətbəx bıçağını alıb. Bıçağı şalvarının belində gizlədərək anasını öldürmək məqsədilə həmin günü təxminən saat 12-13 radələrində qadının yaşadığı ünvana gedib. Evin qapısını döyüb, anası çölə çıxıb, onu qucaqlamaq istəyəndə Asim geri itələyib. Həmin vaxt bacıları məktəbdə olub. Qadın oğlunu ikinci dəfə qucaqlamaq istəyəndə şalvarın belində gizlətdiyi bıçağı çıxarıb anasının boğazından və döş qəfəsindən 4-5 dəfə zərbə endirib. Anası bacılarına rəhm elə dediyi üçün bir anda dayanıb. Bu zaman qadın küçəyə qaçıb, Asim bıçağı evdə yerə atıb, polisə gedərək təslim olub.
Qeyd edək ki, rəsmi məlumata görə, 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Asimin şikayətini təmin etməyib.