Keçmiş sevgilisini yüz manata görə döyən şəxs həbs edildi

HADİSƏ
21:43 / 16.10.2023
383

Gəncədə keçmiş sevgilisini küçədə döyən şəxs həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində, “Beynəlxalq Bankın” Gəncə filialının qarşısında baş verib.

Samux rayon Kolayır kənd sakini olan 1988-ci il təvəllüdlü Heydər Səlimov əvvəllər sevgili münasibətində yaşadığı Ülviyyə adlı qadının bibisinin evinə gəlib. Həmin vaxt qadın Heydərə Ülviyyənin artıq onunla birgə ola bilməyəcəyini deyib. Bundan sonra Ülviyyə həyətə daxil olub və keçmiş sevgilisi ilə mübahisə edib. Heydər keçmiş sevgilisindən ona sonuncu dəfə verdiyi 100 manat pulu qaytarmasını tələb edib. Onlar mübahisə edə-edə küçəyə çıxıblar və küçədə Heydər Ülviyyəyə zərbələr endirərək ona xəsarət yetirib.

Hadisə vaxtı bankın işçiləri, yoldan keçənlər onları ayırmağa çalışıb.

Ülviyyə Rəhimovanın şikayətindən sonra Heydər barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq əməli) maddəsi ilə cinayət işi açılıb.

İşə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Heydər Səlimov 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, məhkəmə zalında həbs edilib.

0