"White Palace"da keçirilən toyda rəqs edən dotunu bıçaqladı - Yeniyetmə 7 ay sonra həbs edildi

HADİSƏ
23:58 / 31.10.2023
700

Bakıda məşhur şadlıq sarayında tanışını bıçaqlayan şəxslə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prossesdə məlum olub ki, "White Palace" restoranında baş tutan toy mərasimində iştirak edən 2006-cı il təvəllüdlü Polad Salmanov 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu rəqs edən zaman meyvə bıçağı ilə vurub. Yüzdən artıq insanının iştirak etdiyi toyda dava spirtli içkinin təsiri nəticəsində baş verib. 

Belə ki, Polad Salmanovla Xəyal Hüseynov toyda bir yerdə yeyib-içdikdən sonra zarafatlaşmağa başlayıblar. Bundan sonra zarafat davaya çevirilib. Nəticədə Xəyal Hüseynov Polad Salmanovu şadlıq sarayının həyətində döyüb, gözünün altını partladıb. Sonradan hər iki şəxs barışıq əldə edərək, məclisə qayıdıblar. 

Baş verənlər ona pis təsir etdiyindən Polad Salmanov şadlıq sarayının ikinci mərtəbəsinə çıxaraq, foyedəki bardan meyvə bıçağını götürüb və Xəyal Hüseynovu bıçaqlamaq qərarına gəlib və onu rəqs edərkən bıçaqlayıb. Zərbənin biri onun qoltuqaltına, digəri isə qarın nahiyəsinə dəyib. O təcili xəstəxanaya aparılıb və müalicə xərci təxminən 10.000 manatdan çox olub. 

Qeyd edək ki, bu ilin aprel ayında baş verən hadisəyə görə təqsirləndirilən Polad Salmanova 6 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında həbs olunub. Həbs müddəti 30 oktyabr 2023-cü il tarixdən hesablanıb.

 

0