Bakıda bacısını yumuruqla öldürən şəxsin cinayət maddəsi ağırlaşdırıldı

HADİSƏ
23:00 / 07.11.2023
465

Bakıda bacısını bir yumruqla öldürən şəxsin Binəqədi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Hit.az-ın məlumatına görə, bu ilin avqust ayının 2-si saat 13 radələrində 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq yekunlaşıb. 

Azər Əfəndiyev barəsində əvvəlcə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə və sonradan dəyişdirilərək Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Avqustun 2-si saat 13 radələrində paytaxtın Binəqədi rayonunun Eyniadlı qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalar 1967-ci il təvəllüdlü Azər Əfəndiyevin yaşadıqları evdə şəxsi münasibətlər zəminində bacısı Məlahət Əfəndiyevanı əli ilə vurduqdan sonra sonuncunun yıxılaraq, aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Anar

0