Bakıda inşaat materialları bazarında yanğın baş verib.
HİT.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.