"Sədərək" ticarət mərkəzində sahibkar Şakir Ağayevi döyərək 30 min manat pulunu oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, məhkəmədə hadisəni törədən 1991-ci il təvəllüdlü Elnur Əmənovun özünün də "Sədərək” Ticarət Mərkəzində çalışması məlum olub. O, özü Masallıdan olan iş adamı, əmisi oğlu Xanlar adlı şəxsin "İmperator" adlı santexnika aksesuarlarının satışı mərkəzində çalışıb.
Təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada "Fastloto" kimi tanınan qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib:
"Əmim oğlu, sahibkar Xanların mağazasından pulları qumarda uduzurdum. Onun xəbəri olmasın deyə əvvəlcədən tanıdığım Şakir Ağayevin mağazasından oğurluq etməyi planlaşdırdım. Hadisədən bir gün əvvəl işlədiyim ticarət mərkəzində qara rəngli dəmir dəyənək alıb gizlətdim. Gecə saatlarında Şakirin arxasınca dükana daxil oldum və qəfildən əlimdəki dəmir dəyənəklə onun baş nahiyəsindən və üzündən vurdum. Bir neçə dəfə vurandan sonra Şakir yerə yıxıldı. O, yenidən ayağa qalxıb hər iki əli ilə belimdən tutdu. Bu zaman əlimdəki dəyənək yerə düşdü. Şakirin qollarına və ayağına təxminən 14-15 zərbə vurandan sonra dükanda pul axtarmağa başladım. Bu zaman stulun üzərində gödəkçə gördüm. Gödəkçəni əlimə götürəndə bir qədər ağır olmasını hiss etdim. İçəri cibindən rezinə keçirilmiş pulu götürüb dükandan çıxdım".
Səhəri günü Elnur Əmənov heç nə olmamış kimi "Sədərək" Ticarət Mərkəzinə gedib və əldə etdiyi pulun 12500 min manatını əmisi oğlu Xanların borcunu ödəyib, qalan vəsaitləri isə "Fastloto" kimi tanınan qumar oyununda xərcləyib.
Zərərçəkmiş Şakir Ağayev ifadəsində Elnur Əmənovu əvvəlcədən tanıdığını və "Sədərək" Ticarət Mərkəzində "Sabit" Mühafizə xidmətində mühafizəçi olduğunu bilib. Hadisə günü üzündə maska olduğundan onu tanımayıb. Həmin gün Elnur stolun üstündəki qayçını götürüb onun bədəninin müxtəlif nahiyyələrinə təxminən 30-a yaxın zərbə vuraraq xəsarət yetirib. Elnur onun 30 min manat və 2.930 dollar pulunu ələ keçirib. Hazırda dəymiş ziyan təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənilib. Sonuncu ilə barışı, ona qarşı şikayəti və tələbi yoxdur.
Məhkəmənin hükmü ilə Elnur Əmənov Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.