11 il əvvəl rus yeniyetməni bıçaqlayan şəxs həbs edilmədi

23:55 / 11.12.2023
484

11 il əvvəl Rusiyada 17 yaşlı yeniyetməni bıçaqlayan azərbaycanlı Xətai Novruzov cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə 2012-ci ildə Samara şəhərində qeydə alınıb.

İttihama görə, X.Novruzov idman zalında məşq edərkən rusiyalı yeniyetmə ilə arasında mübahisə yaranıb. Mübahisə əsnasında Novruzov yeniyetməyə bıçaqla xəsarət yetirib.

Hadisənin üstündən illər keçdikdən sonra faktın araşdırılması üçün Azərbaycan Respublikasının prokurorluğuna müraciət edilib. Araşdırma nəticəsində X.Novruzov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, həbs tələbi ilə məhkəməyə təqdimat göndərilib. Təqdimata Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova baxıb.

Təqsirləndirilən şəxs rus yeniyetməni azərbaycanlıların ünvanına söydüyünə görə vurduğunu deyib. O, hadisənin üstündən illər keçdiyini və zərərçəkmişin hazırda sağlam olduğunu əsas gətirərək sərbəst buraxılmasını xahiş edib.

Xanım hakim təqsirləndirilən şəxsin həbsdə mühakimə edilməsində zərurət görməyib. X.Novruzov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, məhkəmə zalından sərbəst buraxılıb.

0