Xəzərdəki zəlzələlər sunamiyə çevrilə bilərmi? - AÇIQLAMA

HADİSƏ
16:23 / 03.01.2024
482

“Xəzər dənizində baş verən zəlzələlər Yaponiya ilə müqayisə oluna bilməz. Yaponiya seysmik cəhətdən dünyanın ən kəskin sahəsidir. Sakit okeanın hər iki sahilində dünyanın 3 ən seysmik sahələri yerləşir. Yaponiya Şərq ölkəsidir, 3 nəhəng seysmik qurşağın ən aktiv yerindədir, qorxulu sahədir. Orada tarixən də belə güclü zəlzələlər olub. Yapon adalarının taleyi özü də şübhəlidir ki, bu adalar gələcəkdə qalacaq, ya yox. 

Xəzər dənizindəki zəlzələlər isə qorxulu deyil. Bəzən deyirlər ki, yerdə çat əmələ gəldi, çimərlik belə oldu... Bu, qətiyyən düzgün fikir deyil. Çatlar olsaydı, biz də görərdik. Zəlzələnin balı onun maqnitudasına uyğun şəkildə hesablanır. Bu bala görə fəsadlar yaranır. Yerdə çatın əmələ gəlməsi üçün ən az 7-7,5 bal gücündə zəlzələ olmalıdır. Müəyyən çuxurlar ola bilər, bu da heç inandırıcı deyil. Xəzərdə belə sahələr hələlik müşahidə olunmur. Zəlzələnin olub-olmayacağı barədə əvvəlcədən nəsə demək mümkün deyil. Silkələnmələr, xırda təkanlar təbii haldır. Buna görə də qorxmaq, hay-haray salmaq, təşvişə düşmək olmaz, normal qəbul etmək lazımdır. Bu, Azərbaycanın yerləşdiyi mühitin mahiyyətindən irəli gəlir”.

Bu sözləri Pravda.az-a müsahibəsində AMEA-nın Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq Ənvər Əliyev deyib.

O bildirib ki, Bakı və Abşeron yarmadasında elə də güclü zəlzələlər olmayıb: 

“Lakin işlərimizi bu istiqamətdə qurmalıyıq. Abşeron yarımadasına nisbətən Şimal-şərq hissəsində Xəzərə nisbətən bir-iki bal artıq zəlzələ ola bilər. Abşeron yarımadası ilə Kür deltasının arasında belə sahə var. Yaponiya ilə Azərbaycanı müqayisə etmək düzgün deyil, çünki tamam başqa qurşaqlardır. Məsələn, Türkiyə ərazisi, Aralıq dənizinin sahilləri zəlzələnin ən aktiv sahələridir. Bu ərazilərdə kütləvi şəkildə sivilizasiya gedir. Allaha şükür, bizim ərazimizdə axı belə şeylər olmayıb. Şamaxıdakı zəlzələ regionun ən böyük zəlzələsi idi. 

Amerikanın seysmoloji siyahısında da var, 1667-ci il zəlzələsində 70 min adamın həlak olduğu deyilir. Avropanın elə ölkəsi var, heç o boyda əhalisi yoxdur. Şamaxıda tikinti texnologiyası elə də güclü inkişaf etməmişdi. 1902-ci il zəlzələsində Şamaxıda çox ev dağıldı, amma rəhmətlik Zivər bəy Əhmədbəyovun tikdiyi məscid salamat idi. Onu yanmış ermənilər yandırdılar. Türkiyədə də belə kadrlar var, bir tərəf yerlə-yeksandır, arasında bir bina dimdik durub, heç nə olmayıb. Deməli, insanlarımızın zəlzələ haqqındakı fikirləri ilə gördükləri işlər münasib deyilsə, ərazilərin seysmik aktivliyinə uyğun binalar tikmiriksə, sabah dağıntı, itki olsa, insan əməlinin ziyanıdır, zəlzələnin yox. Bu, artıq tikinti texnologiyasından istifadə edənlərin ixtiyarındadır. Onlar bu millətin, Vətənin övladları, gələcəyi haqqında məsuliyyətli, diqqətli olmalıdırlar”.

0