Yaponiyada son baş verən 7,6 bal gücündə zəlzələ ölkədə gözlənilən 9,1 bal gücündə zəlzələnin yaxınlaşması kimi şərh edilib. Məlumdur ki, yeni ilin ilk günündə baş verən 7,6 bal gücündə zəlzələ bir-birinin ardınca çoxlu güclü zəlzələlərlə müşayiət olunub. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı edilib. İndiyədək əldə edilən məlumata görə, zəlzələdə onlarla insan həyatını itirib.
Alimlərin iddiasına görə, bu zəlzələ daha güclü - 9,1 ballıq zəlzələnin xəbərçisidir. Onların fikrincə, zəlzələdən sonra 20 metr hündürlükdə sunami dalğaları da olacaq.
İndiyədək 9-10 bal gücündə zəlzələ olubmu, mümkünmü? Olubsa, harada? Yaza kimi qardaş Türkiyədə növbəti dağıdıcı zəlzələnin anonsu verilib.
Qeyd edək ki, bəzi yerli və xarici seysmoloqlar hesab edir ki, 2024 zəlzələlər ili olacaq.
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı "Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, Yaponiya ərazisi çox qəliz tektonik struktur və tektonik aktivlik baxımından qəliz bir seysmoaktiv bir ərazidir:
"Yaponiyada dağıdıcı zəlzələlər 2011 və 2016-cı illərdə də olmuşdu. Ora unikal bir tektonik ərazi olduğuna görə hətta qeyri-klassik zəlzələlər də baş verir. Yəni güclü zəlzələdən (8-8.8 bal) öncə yüksək maqnitudalı (7-7.5 bal) zəlzələlər olur. Sanki müjdəçi kimi xəbər verir ki, növbədə daha güclü zəlzələ olacaq. Yaponiyada da güclü zəlzələlər baş verir, çünki ora superaktiv zona sayılır. İki plitənin sıx toqquşması nəticəsində, nəhəng bir Sakit okeanın hərəkətli plitəsinin üzərindədir. Nəinki Yaponiya, Yeni Zellandiya, Avstraliya, Filippin, Rusiyanın Saxalin, Xabarovsk ərazisi, Amerikanın şimalı və Cənubi Amerikanın bir qismi, bütün bu ölkələr Sakit okean plitəsinin üzərindədir. Bu baxımdan, o ərazilərdə zəlzələlər ola bilər. Odur ki, güclü, dağıdıcı zəlzələdən öncə də güclü zəlzələ baş verməsi gözlənilir”.
Seysmoloqa görə, ümumiyyətlə, tarixdə 9-10 maqnitudalı zəlzələlər olub:
"Amma onlar çox dərin tarixlərdə olub. XX, XXI əsrin axırlarında belə gücdə zəlzələ olmayıb. Elə Azərbaycanda 427-ci ildə dəhşətli zəlzələ (8,9 maqnitudalı) olmuşdu. Bu zəlzələ bütün Qafqazı lərzəyə gətirmişdi. Bu, kataloqlarında, tarixi yazılarda var.
Bundan əvvəl də demişdim, 2024-cü ildə zəlzələlər davamlı olacaq. Çünki biz o dövriliyi yaşayırıq. O dövrilik 10-15 ili əhatə edir. 2023, 2024-cü illər də o dövriliyə aiddir. Düşünmürəm ki, o dövrilik birdən-birə dayansın, qəfil sakitlik baş versin. Hiss olunmayan zəlzələlər onsuz baş verir. Burada söhbət güclü dağıdıcı zəlzələlərdən gedir. Bu il dünya miqyasında dağıdıcı zəlzələlər baş verəcək. Ərəbistan, Marokko tərəf silkələndi, dayandı. Bu, şübhə yaradır. Niyə birdən-birə dayandı. Bəlkə də orada yenə enerji yığılır. Plitələr bir-biri ilə toqquşur, bunun nəticəsində enerji boşalmalıdır. Boşalma zəlzələ nəticəsində qismən ləngiyir. Türkiyədə də sakitlik olmayacaq".
O ki qaldı sunamilərə, Qulam Babayev deyib ki, Türkiyədə Qara dəniz qapalı olduğuna görə orada böyük sunami yaranmır: "Yaponiya tərəf Sakit okeanı əhatə edir, ora açıq ərazidir. Həmçinin Xəzər də qapalı su mənbəyidir. Qapalı olan yerlərdə sunami olmur. Amma bizdə 2024-cü ildə palçıq vulkanlarının oyanma ehtimalı var. Yaz-yay aylarında vulkanlar püskürə bilər. Bununla belə, ümumilikdə 2025-ci ildə səngimə ola bilər, onu da 2024-cü ilin seysmik aktivliyinə nəzərən deyə biləcəyik”.