Avtomobil qəzalarının artmasına səbəb mobil telefondur?

HADİSƏ
20:08 / 31.01.2024
467

Azərbaycanda avtomobil qəzalarının bir hissəsi sürücülərin sükan arxasında telefonla danışması və mesaj yazması üzündən baş verir. 

Araşdırmalar zamanı məlum olub ki, hər 10 qəzadan 1-i mobil telefona görə baş verir.

Artıq bu bir faktdır ki, avtomobil idarə edərkən, mobil telefonla zəng etmək, gələn zəngi cavablandırmaq, nömrə yığmaq kimi davranışlar sürücünün diqqətinin dağılmasına səbəb olur ki, bu da qəzaya yol açır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, maşın sürən insanların sükan arxasında telefonla danışması çox təhlükəli vəziyyətdir:

“Maşın idarəçiliyi diqqət tələb edən bir vəziyyətdir. Çünki o həm öz həyatına, həm də başqa maşınlarda olanların və piyadaların həyatına təhlükə yarada bilər. Buna görə də maşın sürərkən diqqəti yayındıran vasitələrdən uzaq olmaq lazımdır. Maşın idarə edən zaman telefonla danışmaq insanın diqqətini yayındıran ən böyük vasitələrdən biridir. Telefonla danışanda insan, istər-istəməz, ona deyilən sözlərə diqqətini yönəldir, bununla da yola olan diqqəti yayınır. Çünki insan psixikası eyni anda iki və daha artıq sahəyə diqqət etməyə çətinlik çəkir”.

Psixoloqun fikrincə, bu da sürücünün yola olan diqqətinin telefonla olan danışığa yönəlməsinə səbəb olur: “Sürücü, demək olar ki, yolu yarıkor vəziyyətdə sürməyə başlayır. Üstəgəl, ona verilən xəbər əgər həyəcanlandırıcıdırsa, onda onun qəza törətmək risqi çox yüksək olur. Çünki həyəcan insanın diqqətini özünə cəmləşdirir və olduğu yeri, vəziyyəti unutdurur. Bu da həm öz həyatına, həm də başqalarının həyatına qəsd deməkdir. Beləliklə, avtomobilə əyləşərkən mobil telefonun zənginə cavab verməmək daha məqsədəuyğundur ki, bununla uzun və sağlam həyata addım atmış olarsınız”.

Sevinc

0