Bakıda narkotik vasitələrin təsiri altında "Rent a car”a məxsus lüks avtomobil idarə edən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Səlim (şərti ad) polis tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334-1.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. O, Nizami rayonu, H.Əliyev prospektində yerləşən hipermarketin qarşısında BMW 528 markalı *-KP-** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, o cümlədən narkotik vasitələrin təsiri ilə idarə edib.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərib ki, BMW markalı *-KP-** dövlət qeydiyyat nişanlı avtomobil "Rent a Car”a aiddir, onu dostu Seymur götürüb. H.Əliyev prospektində yerləşən hipermarketin qarşısında avtomobili park etdiyi vaxt maneələri əzib. Buna görə də polis tərəfindən saxlanılıb. Tibbi müayinə zamanı onun qanında marixuana aşkarlanıb. Araşdırma zamanı bəlli olub ki, o, marixuananı Mərdəkanda tanımadığı şəxsdən alıb. Qaydaları pozan sürücü əməlindən peşman olduğunu bildirib.
Məhkəminin hökmü ilə təqsirləndirilən şəxs İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilib.