Həkimin vurduğu iynəni qolundan çıxarıb qaçdı, həbs olundu

HADİSƏ
18:42 / 09.02.2024
519

Azərbaycanda içkili şəxs ürək tutması ilə yerləşdirildiyi xəstəxanada həkimin vurduğu iynəni qolundan çıxararaq qaçıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Belə ki, 1980-ci il təvəllüdlü Namiq Hüseyquliyev spirtli içkinin təsirindən ürəyi ağrıdığı üçün əsəb və gərginlik keçirdiyinə görə təcili tibbi yardım maşını ilə huşsuz halda Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanda Əlizaman adlı həkim xətsətəyə sistem köçürmək üçün qoluna iynə taxıb. Xəstə həmin anda ayılaraq qoluna taxılmış iynəni çıxarıb. Qolundan qan axa-axa xəstəxanada səs-küy salmağa, həkimin və polis mühafizə xidməti əməkdaşlarının ünvanına söyüş söyməyə başlayıb. Daha sonra isə xəstəxananı tərk edib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Namiq Hüseyquliyev məhkəmədə illər əvvəl atası həmin xəstəxanada öldüyü üçün Əlizaman adlı həkimə əsəbləşdiyini bildirib: "Həkimdən iynənin hansı nahiyədən vurulmasını göstərməyi tələb etdim. Amma "mənə iş öyrətmə, işimi yaxşı bilirəm" deyə cavab verdi". Bundan sonra, o, qoluna taxılmış iynəni çıxarıb, oranı təkr edib. Məhkəmədən qarşıdakı günlərdə baba olacağına görə bağışlanmasını istəyib. 

Məhkəmənin hökmü ilə Namiq inzibati tənbeh olaraq 10 gün müddətində həbs olunub.

0