21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı

HADİSƏ
12:36 / 27.02.2024
417

21 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

HİT.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Kəngərli rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan istintaq-əməliyyat tədbirləri ilə qeyri-aşkar şəraitdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub.

Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.

Faktla bağlı Kəngərli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

0