Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Fərid Həsənovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 16 oktyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 4 saylı binanın qarşısında qeydə alınıb.
Belə ki, Fərid Həsənov tanışı, zərərçəkmiş Samir Dəmirovla (şərti) hadisədən bir neçə gün əvvəl almış olduğu 40 manat borc pulu qaytarmamasına görə mübahisə edib. Mübahisə zamanı zərərçəkmişin onu əli ilə itələməsi səbəbindən üzərində gəzdirdiyi ov bıçağı ilə tanışının döş qəfəsinin sol yan nahiyəsindən bir dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Fərid Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.