Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Qəza səbəbindən Böyükşor şosesi- “Koroğlu” metro stansiyası, mərkəz, həmçinin Heydər Əliyev prospekti, əsas yol - “Koroğlu” metro stansiyası və Qara Qarayev prospekti istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülməsi üçün dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
TƏBİB-dən bildirilib ki, bu gün saat 13:04-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Heydər Əliyev prospekti, Koroğlu metrosu yaxınlığında iri tonnajlı yük avtomobilinin aşması səbəbilə çağırış daxil olub:
“Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Qəzada xəsarət alan 56 yaşlı şəxs (kişi cinsli) müştərək travma və bədənin çoxsaylı yanıqları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İlkin zəruri tibbi yardımlar göstərildikdən sonra Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunması nəzərdə tutulub”.