Bakıda "Minsk D4 50" markalı, AZ 99-G-236 dövlət qeydiyyat nişanlı motosikletlə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsində baş verib.
Xaricdə təhsil alıb Bakıya qayıdan 1998-ci il təvəllüdlü Toğrul (şərti) xanım tanışını sərnişin qismində motosikletə mindirərək şəhərdə sürətli şəkildə hərəkət edib.
O, Mikayıl Əliyev küçəsi ilə hərəkət edərkən DYP əməkdaşları "saxla” işarəsi versələr də, sonuncu motosikli saxlamayıb, daha da sürətlənərək ziq-zaqvari manevrlər etməklə onlardan yayınmağa çalışıb. DYP əməkdaşları qarşısına çıxaraq onun yolunu kəsə biliblər. Sürücü nəqliyyat vasitəsini saxlanıldıqdan sonra DYP əməkdaşlarına tabe olmayıb, aqresivlik göstərib, nalayiq ifadələr işlədib.
Bundan sonra hadisə yerinə PPX əməkdaşları çağırılıb və həmin şəxs polis bölməsinə aparılıb. Toğrul bölmədə olarkən də stolun üzərinə nalayiq ifadələr yazıb, söyüş söyüb.
Sürücü izahatında saxlanılarkən aqresiv olmasına səbəb kimi gecə yatmamasını və yanında xanım olmasını göstərib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 15 gün müddətinə həbs edilib.